Müharibə dövrü ədəbiyyatının yaradılması günümüzün əsas çağırışlarından biridir

23.10.2023

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan Ədəbiyyat Fondu” və “Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Müharibə dövrü ədəbiyyatı” mövzusunda dinləmə təşkil edilib.

Tədbirdə ədəbiyyat, mədəniyyət və mətbuat sahəsinin təmsilçiləri, müharibə veteranlarının ailə üzvləri, kitabxana əməkdaşları, tələbə-gənclər və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyev tədbir iştirakçılarını salamlayaraq, müharibə mövzusunda istər dünya ədəbiyyatında, istər milli ədəbiyyatımızda, o cümlədən, folklorumuzda olduqca maraqlı və dəyərli nümunələrin olduğunu bildirib. Azərbaycan xalqının Zəfər qazandığı 44 günlük Vətən müharibəsindən bəhs edən natiq bu Qələbəyə həsr olunan ədəbiyyat nümunələrinin yaradılmasının əhəmiyyətindən danışaraq, əsrlər boyu müharibə, qələbə mövzularında qələmə alınan “Hərb və sülh”, “Ali və Nino” kimi dünya ədəbiyyatı inciləri ilə bir sırada dayanacaq, Şanlı Zəfər tariximizi bütün çalarları, qalibiyyəti ilə təsvir edən nəzm və nəsr nümunələrinin yazıldığını və gələcəkdə də yazılacağına əminliyini dilə gətirib.

Kitabxananın direktoru Aslan Cəfərov 200 ilə yaxın bir zaman kəsiyində torpaqlarını parça-parça itirən Azərbaycanın bu gün öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin, polad iradəsinin bariz nümunəsi olduğunu diqqətə çatdıraraq, bu gün sevincini yaşadığımız Zəfər tariximizdən bəhs edən əsərlərin qələmə alınmasından danışıb. Prezident İlham Əliyevin “Şuşa sən azadsan, Biz səni dirçəldəcəyik” şüarından sonra əzəli Azərbaycan torpağı olan, mədəniyyətimizin beşiyi Şuşamızın tarixinin, ədəbiyyatının, incəsənətinin təbliği yönümündə atılan hər bir addımın tarixi əhəmiyyət daşıdığını söyləyib. Azərbaycanın şanlı Zəfər tarixi – 44 günlük müharibəyə həsr olunmuş, 20-ə yaxın gənc yazarın qələminin məhsulu olan 30-dan çox ədəbiyyat nümunələrinin toplandığı “Sən azadsan” kitabı haqqında məlumat verərək, bu kimi dəyərli əsərlərin gələcəkdə bir çox ali və orta məktəblərin, kitabxanaların rəflərini bəzəyəcəyini, tarixi araşdırmaq üçün əvəzsiz mənbə olacağını qeyd edib.

Tədbirdə “Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin sədri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Professional Rəssamlar İttifaqının üzvü Nigar Helmi Abbasbəyli, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili, tanınmış yazıçı, tarixi romanların müəllifi Yunus Oğuz, filologiya elmlər doktoru, “Ədəbi Turan” Fondunun təsisçisi və rəhbəri Esmira Fuad, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, “44 günlük savaşın 444 cəngavəri” ikicildliyinin müəllifi Əntiqə Qonaq, tanınmış telejurnalist, Birinci Qarabağ müharibəsi şəhidi Zahid Bayramovun bacısı Fəxriyyə Lilpar, Səbail rayon Mərkəzi Kitabxanasının direktoru, şəhid polkovnik- leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova və tanınmış jurnalist, Qarabağ müharibəsi şəhidləri barədə bir neçə kitabın müəllifi Aida Eyvazlı çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında ədəbiyyatın böyük rolu olduğu vurğulanıb.

Tədbirdə Vətən, Zəfər mövzusunda qələmə alınmış şeirlər səsləndirilib.